Milli blog saytı - AzeriBlog

Əslində blog haqqında internetdə, xarici dillərdə səhifələrlə məqalələr və materiallar yazılıb amma əfsus ki, Azərbaycan internet məkanında blogun gücü o qədər də əhəmiyyətli deyil. Bu bizim cəmiyyətin internetdə qeyri fəal olmasının bariz nümunəsidir. Mən hətta əminliklə deyirəm ki, Azərbaycan internet istifadəçilərinin 99% blogun nə olduğundan xəbərsizdirlər. Məhz ona görə də bu barədə məlumatlanmağa deyər:
Blog - əlavə texniki məlumat olmadan, öz istədiyi məlumatları, öz istədiyi şəkildə yazan istifadəçilərin yaratdığı, gündəliyə bənzər web saytıdır. İngilis dilindəki “web“ və “log” sözlərinin birləşməsindən alınan “weblog“ sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Web – məlumdur ki, “www“nin qarşılığı olub, “dünya miqyasında tor” deməkdir. Log – qeyd etmək mənasını daşıyır. Bir sözlə Weblog – hər bir internet istifadəçisinin yarada biləcəyi onlayn və ya virtual gündəlikdir. Blog, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayınlandığı bir saytdır. Demək olar ki, blog saytlarındakı şərhlər həmin blogun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində blog müəllifi ilə oxuyucular arasında rabitə yaranır. Zaman keçdikcə bloglarda yazılardan əlavə video, mp3, kiçik chat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır. Bloglar intenet istifadəçiləri arasında fikir, məlumat mubadiləsinin artmasında çox əhəmiyyətlidir. Fikir və düşüncələrlə yanaşı bəzi materialların və məlumatların paylanmasında da rol oynayır. Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına daxil olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz sevdiklərinə çox vaxt bloglar vasitəsiylə həyata keçirirlər. Və daha sonradan isə blog sistemi yayılaraq hər bir insana öz sözünü deməyə şərait yaradır. Blog hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir. Blogdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni bloglarda hər sahə üzrə yazılar və maraqlı məlumat, materiallara rast gəlmək olar. Bloglar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni ki, bir tək müəllifə aid olur. Bəzən isə qrup şəklində, bir necə müəlliflər tərəfindən də yazıla bilir.
Sevindirici haldır ki, Azərbaycan internet məkanında yeni milli blog saytı da artıq bu yaxınlada fəaliyyətə başladı. (www.azeriblog.com) Bu layihənin məqsədlərindən başlıcası internetdə ana dilimizin inkişafı və Azərbaycan dilli resursların boşluğunu aradan qaldırmaqdan ibarətdir. Həmçinin bu blogun başlıca məqsədi Azərbaycanda yeni blog mədəniyyətinin, ənənəsinin təməlini atmaqdır. AzeriBlog gənc, intellektual, savadlı insanlarımızı blog yaratmağa sövq etmək, xaricdə olduğu kimi bir network şəbəkəsinə nail olmaq ucun əlverişli imkandır. Və əlavə olaraq hər bir internet istifadəçisi bir növ şəxsi sayta da bu blog vasitəsiylə nail ola bilər. Bu da netimizin inkişafına bir təkandır. AzeriBlog azad düşüncənin, fikirin boğulduğu cəmiyyətimizdə hər bir gəncin öz düşüncəsini sərbəst şəkildə bu web gündəlikdə təbii ki, qaydalara uyğun olaraq deməsi üçün yaradılan bir platforma rolunu da daşıyır. Ona görə də kimliyindən asılı olmayaraq hər bir internet istifadəçisinin üzərinə bir növ vəzifə düşür ki, bu cür layihələrdə yaxından iştirak etsin və ana dilimizin, həmçinin Azərbaycan internetinin inkişafında öz töhvəsini əsirgəməsin.

Leave a Reply